Azərbaycanda ən məşhur proqramlaşdırma dilləri və İT maaşlar – 2018
Adətən, proqramlaşdırmaya yeni başlayanlar başlamazdan əvvəl hansı proqramlaşdırma dilini (dillərini) öyrənməyin perspektivli olması ilə bağlı suallar verirlər. Bu suallar isə daimi olaraq kəskin müzakirələrə səbəb olur. Təəssüf ki, bununla bağlı dəqiq statistika təqdim edəcək bir mənbə yoxdur.
Facebook-da Şamxal Məhərrəmovun paylaşımını gördüm. Azərbaycanda ən çox istifadə olunan proqramlaşdırma dilləri, proqramçı vakansiyaları üzrə maaşlar kimi statistik məlumatlar qeyd olunmuşdu. Əlbəttə ki, belə gözəl bir işə biganə qala bilməzdim. Özünün də icazəsi ilə, sizə 2018-ci il üçün Azərbaycan şirkətlərində İT vakansiyalarda tələb olunan proqramlaşdırma dilləri üzrə statistikanı paylaşıram.
Məqalədə 2018-ci ilin statistikası olsa, hazırki dövrdə də öz aktuallığını saxlayır.
Məqaləyə keçməzdən əvvəl statistikanın, məlumatların necə toplandığını Şamxal bəyin özündən eşidək:
* Göstəricilər iş elanları saytlarından Python vasitəsilə toplanıb. Bəziləri isə manual olaraq FB-dən götürülüb. Ümumi olaraq 289 vakansiya elan edilib. Bunlardan isə sadəcə 121-i maaş göstərib.
* Bəzi rəqəmlər real faktları əks etdirməyə bilər. Məsələn, Əhməd, vakansiyada maaş göstərməyən və ya az maaş göstərən hansısa şirkətə işə düzəlib və > 4000 azn maaş ala bilər və s.
Məlumatlar proqramlaşdırmada “scraping” dediyimiz üsul ilə toplanıb. Scraping və onun necə işlədilməsi qaydası ilə Node.js məqaləmizdən öyrənə bilərsiz.
2018-ci ildə Azərbaycanda ən məşhur proqramlaşdırma dilləri
- JavaScript – 31.9% – 144 vakansiya
- Java – 29.5% – 133 vakansiya
- C# – 16.2% – 73 vakansiya
- PHP – 14.9% – 67 vakansiya
- Python – 4.4% – 20 vakansiya
- C++ – 2.9% – 13 vakansiya
- Ruby – 0.2% – 1 vakansiya
Proqramlaşdırma dilləri üzrə nəticələrin izahı
Hazırki dövr internet əsri olduğundan əlbəttə ki, veb proqramlaşdırma daha çox önə çıxır. Vebdə də demək olar ki, hər istiqamətdə istifadə olunan dil sözsüz ki, JavaScript-dir. Buna görə də JavaScript-in top 1-də olması gözlənilən idi.
JavaScript hazırda sürətlə inkişaf edən proqramlaşdırma dillərindən biridir. Google, Microsoft, Facebook, Netflix, Mozilla və s. kimi nəhəng texnologiya şirkətləri tərəfindən dəstəklənir və inkişaf etdirilir. Həmçinin, öyrənilməsi rahat olduğundan yeni başlayanlara da tövsiyyə olunur.
Dünyada JavaScript-in backend-də istifadəsi geniş yayılsa da, ölkəmizdə hələ ki, frontend proqramlaşdırma üçün istifadə olunur. Yerli şirkətlərin iş elanlarında Node.js ilə bağlı vakansiya görməmişəm.
Java və C# uyğun olaraq 2 və 3-cü yerləri bölüşürlər. Əsasən dövlət və bank sektorları üçün istifadə olunan dillərdir. Həmçinin özəl sektorda enterprise işlərin görülməsi üçün bu dillərdən geniş istifadə olunur. Adətən, yerli bankların vakansiyalarını tez-tez görürəm. Görünən odur ki, bu sahələr üzrə ölkədə İT-yə daha çox diqqət yetirməyə başlayırlar.
Köhnə dostumuz və ən çox tənqid edilən proqramlaşdırma dillərindən PHP sırada 4-cü yerdədir. Bütün tənqidlərə və 4-cü olmasına baxmayaraq, PHP yerli şirkətlərdə webdə backend üçün istifadə olunan ən məşhur dildir.
Java, C#, Python-la da web proqramlaşdırmada backend yazmaq olur. Sadəcə bunun üçün əlavə texnologiyalar, framework-lər öyrənməyə ehtiyac yaranır. PHP ilə buna ehtiyac qalmır, dilin özü istənilən çətinlikli proyektlər yazmağa imkan yaradır. Amma əlbəttə ki, daha sürətli və keyfiyyətli işlər üçün PHP framework öyrənmək vacibdir.
Siyahının sonlarını isə Python, C++ və Ruby tamamlayır. Python dünyada məşhurlaşan proqramlaşdırma dili olsa da, hələ ki ölkəmizdə yerli şirkətlər tərəfindən çox az istifadə olunur.
C++ aşağı səviyyəli proqramlaşdırma dili (maşın koduna yaxın dil) olduğundan öyrənilməsi çətindir. Həmçinin, yerli şirkətlərin ƏS, hardware (aparat təminatı), oyun sahəsində proyektləri olmadığından bu dilə təlabat çox aşağıdır.
Ruby həmçinin dünyada məşhur dillərdəndir, lakin Azərbaycanda yalnız yerli şirkət olan Buglance-da vakansiya görmüşəm.
2018-ci il ölkədə ən populyar framework-lər
Proqramlaşdırma dilləri haqqında danışmışkən, framework-lərə nəzər salmağımız yaxşı olardı. 2018-ci ilin framework statistikası aşağıdakı kimidir:
- ASP.NET – 32.2% (C#)
- Spring – 28.8% (Java)
- Laravel – 14.4% (PHP)
- Yii – 10.3% (PHP)
- CodeIgniter – 6.2% (PHP)
- Symfony – 4.8% (PHP)
- Ruby on Rails – 2.1% (Ruby)
- Django – 1.4% (Python)
Elan saytlarında necə olduğunu bilmirəm, amma Facebook-da elanlarda daha çox Codeİgniter, Symfony, Yii olaraq vakansiyalar qarşıma çıxıb.
Bu 4 PHP framework-ün ümumi faiz cəmi isə %35.7-dir.
Yuxarıdakı siyahıda JavaScript framework-lər qeyd olunmasa da, ayrıca diaqramda statistika belədir:
- Angular – 67.5% (framework)
- React – 22.5% (kitabxana)
- Vue – 7.5% (framework)
- React Native – 2.5% (kitabxana)
Çox güman siyahıda bilərəkdən jQuery əlavə olunmayıb. Çünki, 85-95% veb proqramçı vakansiyalarında jQuery məcburi tələb kimi qeyd olunur. Yəni, qeyd olunsa idi, jQuery 1-ci yerdə olardı.
Digər framework və kitabxanalar adətən vakansiyalarda “arzuolunan” kimi işarə olunur. Buna baxmayaraq, JavaScript və jQuery ilə praktiki biliklər olandan sonra Angular, React və Vue-dan birini öyrənmək məsləhətdir.
React Native mobil proqramlaşdırmaya aid olsa da, JavaScript kitabxana olduğundan siyahıda öz yerini tutub.
Proqramlaşdırma dillərinə görə orta maaş statistikası (2018)
- C++ – 1280 AZN
- Java – 1210 AZN
- JavaScript – 1133 AZN
- C# – 1080 AZN
- iOS Developer – 1015 AZN (Objective-C, Swift)
- Android Developer – 1000 AZN (Kotlin, Java)
- PHP – 880 AZN
Yuxarıda qeyd etdiyim kimi C++ proqramçılar ölkədə azlıq təşkil etdiyindən maaşın yuxarı olması normaldır.
Java və C# üzrə şirkətlər (banklar) adətən təcrübəli proqramçılar axtarırlar, buna görə də maaş ortalaması yuxarı olur. JavaScript ilə də eyni məntiq doğrudur. Təcrübəli proqramçıları (framework, kitabxana bilən) iş qəbul üçün maaşın yüksək olması zərurəti yaranır.
iOS və Android proqramçı vakansiyaları nadirən olur və bu sahələr üzrə proqramçılar da azlıq təşkil edir.
PHP-ni kiçik və orta bizneslər də istifadə etdiyindən ortalama maaş aşağıdır. Lakin vakansiyalar çoxdur və yeni başlayanlar üçün işə qəbul olmaq fürsəti yuxarıdır.
Yerli şirkətlər üzrə ortalama İT maaşlar (2018-ci il)
- Neuron Technologies – 1800 AZN
- Buglance – 1700 AZN
- Prosys MMC – 1400 AZN
- Web Coder Agency – 1200 AZN
- Sinam – 1000 AZN
- Pronet – 600 AZN
Şirkətlərin tələb etdiyi biliklərə əsasən, təklif etdiyi maaş aralığı həmişə müzakirə mövzusu olur. Bəzən şirkətlər vakansiyada İT-də mümkün olan hər şeyi qeyd edib, sonda da gülünc maaş təklif edirlər.
Amma bir məqamı da unutmamaq lazımdır ki, İT bazarda da tələb-təklif məsələsi aktualdır. Təcrübəli və dəyərli işçilər hər sahədə olduğu kimi proqramlaşdırmada da yuxarı maaşlara iddia edirlər. Yeni başlayanlar isə az biliklə aşağı maaşa qane olurlar. Həmçinin, bazarda kiçik şirkətlər də çoxluq təşkil edir və onlara aşağı maaşa işləyəcək proqramçılar lazım gəlir.
Maaş uyğunsuzluğu mən yeni başlayan dövrlərdə(2012) də var idi, çox güman ondan əvvəl də olub, elə indi də olacaq. Hər kəs nə qədər narazı olsa da, sonda özünə layiq bildiyi maaşa işləyəcək. Ona görə çox da fikir verməmək, həmişə az danışıb, çox iş görmək lazımdır =)
Ümid edirəm məqalə faydalı oldu. Öz fikirlərinizi şərh bölməsində yaza, dostlarınızla paylaşa bilərsiz. Hər kəsə işlərində uğurlar!
30 Şərhlər
sahil
June 2, 2019
cox sagolun deyerli bilgilere gore
Murad Mustafayev
June 6, 2019
Buyurun. Faydalı məlumatlar olduğunu eşitmək sevindiricidir.
Daha da maraqlı və yararlı məqalələr paylaşacağıq
Leyla
June 9, 2019
Məlumata görə çox sağ olun. Python dünyaca ən məşhur dildir, tətbiq sahələri digər dillərdən daha çoxdur. Amma ölkəmizdə hələ də geniş istifadə olunmur. Sizcə, üstünlük təşkil edəcəyi vaxt gələcək bizdə də?
Murad Mustafayev
June 11, 2019
Buyurun, xoşdur.
Python daha çox süni intellekt(Aİ), maşın öyrənməsi(ML), verilənlər elmi(data science) kimi sahələrdə istifadə edilir. Veb saytların hazırlanmasında istifadə edilsə də, PHP kimi geniş yayılmayıb. PHP bütün internetin 80%-ini əhatə edir.
Azərbaycanda Aİ, ML kimi sahələr inkişaf etmədiyindən, daha çox veb saytlara fokus olunduğundan Python-ın geniş istifadəsi bir xeyli vaxt alacaq deyə düşünürəm. Sadaladığım sahələr inkişaf etsə, o zaman Python istifadəsi də sürətli artar.
Mehriban
February 28, 2021
Ümid edirəm də sözdür? Təbii ki faydalı oldu. Çox sağ olun. Mən ixtisasımdan məmnun deyiləm. Daha doğrusu sevmirəm. Mənim üçün dizaynerliyin yoxsa proqramistliyin hansının daha yaxşı olduğunu düşünürdüm. Sizin sayənizdə seçimimi etdim🙂Təşəkkür edirəm dəyərli insan🤎
Murad Mustafayev
March 1, 2021
Bəyəndiyinizə və məqaləyə əsasən öz sahənizi seçə bildiyinizə sevindim 🙂 işlərinizdə, öyrənməyinizdə uğurlar!
Azər
June 18, 2019
Çox Sağolun Məlumatlara Görə.
Murad Mustafayev
June 18, 2019
Buyurun, xoşdur
Nicat
September 14, 2019
Məqalələriniz çox maraqlıdır. Dəyərli işlərə görə təşəkkürlər)
Murad Mustafayev
September 17, 2019
Bəyəndiyinizə sevindim. Buyurun, xoşdur
Zöhrab
March 27, 2020
Salam.
Maraqlı məqaləyə görə təşəkkür edirəm.
Məqaləyə daxil etdiyiniz statistikalar da məlumatın dolğun çatdırılmasına köməklik göstərir. Afərin!
Bir sualıma aydınlıq gətirsəniz məmmun olardım.
Proqramçılarla bağlı vakansiyalar qoyulanda hər hansı bir yaş məhdudiyyəti qoyulurmu? Mənim yaşım 40 dan çoxdur və Front-end devolopinglə maraqlanıram. Bu yaşdan sonra iş tapmağımda hər hansı bir problem yaşaya bilərəmmi? Və bu problemin yaşanmaması üçün nə kimi önləmlər ala bilərəm?
Cavabınıza görə qabaqcadan təşəkkür edirəm.
Murad Mustafayev
March 27, 2020
Salam.
Əgər əvvəldən bu sahə üzrə işləmisizsə və illərlə təcrübə varsa rahat tapmaq olar. 40+ yaşı olan və hazırda proqramçı kimi işləyən tanışlarım var. Yox əgər ilk dəfə proqramçı kimi şirkətdə işləyəcəksizsə, onda çox çətin olar.
Amma ətrafınız genişdirsə onlardan freelance kimi işlər götürə bilərsiz. Freelance işləyəndə yaş fərqi olmur, əsas odur ki, verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirə biləsiz.
Digər variant online freelance saytlarında özünüzü yoxlaya bilərsiz. Rus, türk, ingilis dilli çoxlu freelance saytları var. Həmin saytlarda rəqabət böyük olsa da, bir müddət pulsuz və keyfiyyətli işləyərək, müəyyən müştəri bazası yığa bilərsiz
Nazim
July 28, 2020
Cox dolğun bir melumat oldu her seye göre cox sagolun, size bir sualım var tuekiye ve diger ölkelerde ilkin seviye biliyi olan yazılımcılara sirketler işə göturur ve kicik maaşla hemin şexsi isledirler ve hemin şexsde o sirketde nece il tecrube toplamış yazılımcıkardan biliyin artırır, bizdədə bele bir sey varmı?
Murad Mustafayev
July 28, 2020
Bizdə də iri şirkətlər buna bənzər nələrsə etməyə başlayıblar. Xırda şirkətlərdə də ödənişli və ya ödənişsiz təcrübə proqramları olur. Hansısa şirkətdən başlamaq üçün müəyyən baza biliklərinin, bir neçə portfolio işlərinin olması ilkin iş tapmağa kömək edir. Baza bilikləri də olsa onu yaxşı bilmək lazımdır. Yeni başlayanlar adətən çox şey öyrənmək istəyir amma hamısını da yarımçıq bilirlər. Bu da şirkətlərə adətən uyğun olmur.
Buyurun, xoşdur.
Nazim
July 28, 2020
Sizinle men daha yaxsı nece unsiyet saxlaya bilerem eger size uygundursa, hazırda etraflı öyrenmeye calışıram garsımda bir meqsedim var amma diger yazılımcılar haqqında video baxdıqda hamısı deyir etrafınızda bunan başı cıxan birisi olmalı unsiyet saxlamalısız menim etrafımda ise bu işle mesgul olan hec kes yoxdu hele Azərbaycan da olan yazılımcılar grupu flan ne gederde axtarsam tapamadım eger size uygumdursa sizinle nece elaqe saxlayıb sual vere bilerem?
Fikret
July 28, 2020
Bir onceki serhi yazan Nazimdi, Sizinle men daha yaxsı nece unsiyet saxlaya bilerem eger size uygundursa, hazırda etraflı öyrenmeye calışıram garsımda bir meqsedim var amma diger yazılımcılar haqqında video baxdıqda hamısı deyir etrafınızda bunan başı cıxan birisi olmalı unsiyet saxlamalısız menim etrafımda ise bu işle mesgul olan hec kes yoxdu hele Azərbaycan da olan yazılımcılar grupu flan ne gederde axtarsam tapamadım eger size uygumdursa sizinle nece elaqe saxlayıb sual vere bilerem?
Murad Mustafayev
July 28, 2020
Ətrafınızda İT üzrə bilən şəxslərin olması həqiqətən də böyük üstünlükdür. Həm istiqamət, həm də köməklik baxımından. Əgər elə bir ətrafınız yoxdursa, o ətrafı yaratmaq lazımdır. Bunun üçün kurslar, tədbirlər, konfranslar və s. olur. Həmin yerlərdə iştirak edərək ətraf yarada bilərsiz. Kursda məsələn müəllim və digər tələbələr olur. Müəllim öyrənməyə istiqamət və kömək edir. Tələbələrlə isə birlikdə öyrənmək, əlaqə qurmaq gələcək üçün daha yaxşı ətraf yığmağa kömək edir.
Saytın yuxarısında əlavə nömrəsi və email var. Onlarla əlaqə yarada bilərsiz
Ali
September 16, 2020
Təşəkkur edirəm belə maraqlı məlumata görə. 16 yaşım var hal hazırda php öyrənməyə dəyər mi? Gündə 3-4 vaxt ayırsam 8 aya normal seviyyeye gələ bilərəm?
Murad Mustafayev
September 16, 2020
Məqalə faydalı olduğuna şadam.
Başlamaq üçün yaxşı yaşdasız. Nəzəriyyədə gündə 3-4 saat məşğul olmaqla, 8 aya yaxşı PHP bilmək olar. Amma 8 aydan sonra real vəziyyət necə olacağını sizin çalışqanlığınız təyin edəcək. PHP başlamaq üçün rahat dillərdəndir və iş tapmaq da rahatdır. Uğurlar sizə!
sabina
September 22, 2020
Salam etraflı məlumat üçün minnətdaram. Mənim 26 yaşım var bu sahə mənə çox maraqlı gəlir. Nədənsə bu sahədə xanımların sayı azdır. Bu isə məni məyus edir.
Murad Mustafayev
September 22, 2020
Salam. Təşəkkürlər, faydalı olması sevindirdi.
Haqlısız, IT/proqramlaşdırma üzrə xanımlar azlıq təşkil edir. Amma son illərdə çox sürətli artım var. Hətta bəzi şirkətlər qadınlara üstünlük verir, imkan olduqca xanımları işə cəlb edir. Bu artım tempi indi də davam edir. Bir neçə ildən sonra proqramlaşdırma sahəsi üzrə daha çox xanım görəcəyinizə əminəm
Mövsüm
December 23, 2020
Salam. Öncəliklə bu məqalə üçün təşəkkür edirəm. Bu məqalə ilə mən öz istiqamətimi tam dəqiqləşdirim. Bir sualım var. Hazırda Azərbaycanda Ali təhsili olmadan proqramlaşdırma sahəsinə yönələn birinin iş tapma şansı varmı? Ali təhsil, diplom nə qədər rol oynayır?
Təşəkkürlər.
Murad Mustafayev
December 23, 2020
Salam. Faydalı olmasına sevindim.
Proqramlaşdırma sahəsində ali təhsilin çox da önəmi yoxdur. Əsas təcrübəniz, bilikləriniz, gördüyünüz işlərdir.
Şəxsən tanıdığım ali təhsili olmayıb, hazırda böyük şirkətlərdə və yuxarı maaşa işləyən proqramçılar var. Mən ali təhsilli olsam da, şirkətlərdə işləyən zaman diplom istəyən olmayıb.
Universitet diplomu adətən dövlət işlərində lazım ola bilir. Amma olmasa da adətən problem yaratmırlar. Çünki, yaxşı kadrlar azdır və diploma görə onları əldən vermək istəmirlər
Anar Mammadov
December 30, 2020
Məqalə çox super idi, təşəkkür edirəm bunları bölüşdüyünüzə görə.
Murad Mustafayev
January 2, 2021
bəyəndiyinizə sevindim
Məhəmməd
February 21, 2021
Məqalə əladır. Çox sağolun. Əlavə olaraq bir sualım olacaqdı. Mən html, css, JavaScript, jquery ilə işləməyi bacaran bir web developer olaraq Azərbaycanda ortalama aylıq nə qədər qazana bilərəm?
Murad Mustafayev
March 1, 2021
Məqaləni bəyəndiyinizə sevindim.
Middle səviyyəsində veb proqramçı biliklərinizə görə 1000-2000 AZN arasında aylıq maaş ala bilərsiz.
Sadaladığınız biliklər ilə isə 400-1000 arası maaş almaq mümkündür. Əlbəttə ki, sizin biliklərinizdən çox şey asılıdır
Mehriban
February 28, 2021
Və deyəsən fikirlərimi kiminsə rəyinə yanıt olaraq yazdım😂🤦🏻♀️Üzrlü sayın
Ədil
March 30, 2021
Salam əla məqalədir.sizə belə sual vermək istərdim təkcə java və mysql ilə iş tapmaq olar ? Olarsa nə qədər maaş almaq olar?.mənim alqoritim qurmaq bacarığım zifdi nə məsləhət görərdiz? Hansı sahəyə yönəlsəm yaxşı olar.öncədən təşəkkürlər
Murad Mustafayev
April 6, 2021
Salam. İndiki dövrdə 1-2 texnologiya, dil bilməklə iş tapmaq çətin məsələdir.
Java üzrə gərək ən azı Spring Framevork biləsiz. İndi buna daha çox tələbat var. Java ilə daha çox Oracle və ya PL/SQL istifadə edirlər, nəinki MySQL
Alqoritmik məntiqiniz zəifdirsə, sistem, şəbəkə administrasiyası, həmçinin helpdesk kimi alqoritmik biliklərə ehtiyac olmayan sahələrlə maraqlana bilərsiz